Açılış mərasimində Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına müəssisədə yaradılmış müasir istehsal şəraiti, quraşdırılmış yüksək dəqiqlikli texnoloji avadanlıqlar və həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib.
Bildirilib ki, müxtəlif növ hərbi təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulan zavodda texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşdırılması “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yerli mütəxəssisləri tərəfindən icra olunub. İstehsal proseslərinin milli hərbi-texniki normalara və beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması məqsədilə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.
Yenidənqurma çərçivəsində zavodun ərazisində yeni istehsalat və köməkçi binalar inşa edilib, mövcud tikililər müasir texnoloji tələblərə uyğunlaşdırılıb, ballistik və resurs sınaqları üçün xüsusi poliqonlar yaradılıb.