“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC müdafiə sənayesinin beynəlxalq miqyasda əsas sərgilərindən biri olan "World Defence Show 2026" sərgisində iştirak edir.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” sərgisi quru, hava, dəniz, kosmos və təhlükəsizlik sahələrini əhatə edən müasir müdafiə texnologiyalarını və sənaye həllərini bir araya gətirir. Sərgi dövlət qurumları, istehsalçılar, beynəlxalq şirkətlər üçün əməkdaşlıq və təcrübə mübadiləsi platformasıdır.
Sərgi çərçivəsində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus 127 adda məhsul nümayiş etdirilir. Ekspozisiyada iri və orta çaplı atıcı silahlar, minaatanlar, qumbaraatanlar, müxtəlif çaplı sursatlar, kamikadze tipli dronlar, pilotsuz uçuş aparatları (PUA), pilotsuz qayıqlar, anti-dron sistemləri və kəşfiyyat vasitələri təqdim olunur.
Bununla yanaşı, optik cihazlar, rabitə vasitələri, hərbi təyinatlı geyimlər, ləvazimatlar və aksessuarlar da nümayiş etdirilən məhsul çeşidinə daxildir.
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC sərgi çərçivəsində istehsal potensialını beynəlxalq auditoriyaya təqdim edir, müdafiə sənayesində mövcud inkişaf istiqamətlərini izləyir və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə yönəlik fəaliyyətini davam etdirir.